Koroğlu - yarı mistik xalq qəhrəmanı (təqribən XVI əsrin II yarısı). Cəlalilər hərəkatının başçılarından biri. XVI əsrin ortaları - XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.

Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu" dastanında tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır. Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və b.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası olmuşdur (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.

A.Təbrizlinin "Tarixlər kitabı" əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni xalq qəhrəmanına çevirmişdir.